Orta Dəhlizin “aşağı qurşağı” canlanır| Tarixi İnkişaf Yolu Layihəsi və mümkün qazanclar

2023/04/77-1681973959.jpg
Oxunub: 4978     10:52     20 Aprel 2023    
2005-ci ildə təməli qoyulan, Fars körfəzindən başlayaraq İraqın Divaniyyə, Nəcəf, Kərbəla, Bağdad və Mosul kimi mühüm şəhərlərindən keçərək Türkiyəyə və dolayısı ilə Avropaya çatacaq İnkişaf Yolu Layihəsində konkret addımlar atılır.

İraqın baş naziri Şia əs-Sudaninin ötən günlərdə Türkiyəyə səfəri iki ölkə arasında İnkişaf Yolu Layihəsində anlaşma birliyinin olduğunu ortaya qoyub. İş o yerə çatıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layihəni yeni İpək Yolu olaraq təyin edib və onun əhəmiyyətini vurğulayıb:

“Biz Bəsrədən Türkiyə sərhədinə qədər uzanan avtomobil və dəmir yolu nəqliyyat dəhlizinin tikintisini nəzərdə tutan İnkişaf Yolu Layihəsinin reallaşdırılması üçün birgə işləmək əzmimizi vurğuladıq. Bu münasibətlə bu işi görəcək nazir dostlarımızı təyin edirik. Qəbul etdiyimiz Ankara Bəyannaməsi ilə bu məqsədə doğru birgə çalışmaq iradəmizi göstərən kritik bir addım atdıq. İnkişaf Yolu təkcə Türkiyə və İraq üçün deyil, bütün region üçün strateji əhəmiyyətli layihədir. Avropadan Körfəzə qədər geniş bir coğrafiyada milyonlarla insan bu yolun tikintisi nəticəsində yaranacaq əlavə dəyərdən faydalanacaq. Biz bilirik ki, regional əməkdaşlığı gücləndirəcək, ticarətimizi inkişaf etdirəcək, insani münasibətlərimizi gücləndirəcək bu layihədə digər qardaş dövlətlər də yaxından maraqlanır. İnanıram ki, biz onların iştirakı ilə İnkişaf Yolu Layihəsini regionumuzun yeni İpək Yoluna çevirəcəyik, inşallah”.

Tarixi İpək Yolunun dirçəldilməsi üçün strateji əhəmiyyət kəsb edən və Türkiyədən başlayaraq Qafqaza qədər gəlib çıxan, daha sonra Xəzər dənizini keçərək Türkmənistan və Qazaxıstandan Orta Asiya və Çinə qədər uzanan Orta Dəhlizin əhəmiyyəti günü-gündən artır. Rusiyanın yerləşdiyi Şimal Dəhlizi və İranın yerləşdiyi Cənub Dəhlizinə alternativ olan Orta Dəhliz Çin və Avropanın inteqrasiyası üçün mühüm yerə malikdir. Pekindən Londona qədər uzanan bu xətt illik 600 milyard dollardan çox ticarət dövriyyəsinin mərkəzində dayanır.

Türkiyədən Fars körfəzinə: İnkişaf Yolu Layihəsi

Çin və region ölkələrini Yaxın Şərq və Avropa ilə birləşdirən Şimal və Cənub dəhlizləri də geosiyasi mövqelərinə görə çətinlik yaşamaq ehtimalı yüksək olan xətlər kateqoriyasına daxildir. Suriya və İraq da daxil olmaqla Yaxın Şərqdəki qeyri-sabitlik Cənub Dəhlizində riski artırarkən, Şimal Dəhlizi Rusiya-Ukrayna müharibəsindən mənfi təsir alıb. Bu vəziyyət Orta Dəhlizin strateji əhəmiyyətini artırıb.

Orta dəhlizin keçdiyi Türkiyənin Asiya-Avropa kontekstində bütün strateji tranzit yollarına nəzarət etməsi də ölkəni layihədə əsas mövqeyə gətirib. Burada, İnkişaf Yolu Layihəsinin də Orta Dəhlizin artan dəyərinə töhfə verəcəyi qiymətləndirilir. Bəs, İnkişaf Yolu Layihəsi nədir? Bu, Türkiyə və region üçün nə deməkdir?

Hekayənin başlanğıcı: Böyük Fao Limanı

Bəsrə yerli rəhbərliyi 2005-ci ildə hökumətə Fars körfəzinə açılan Fao yarımadasında təxminən 5 milyard dollarlıq büdcə ilə bölgənin ən böyük limanını tikməyi təklif edib. Hekayə belə başlayıb. Əslində, layihə İraqın öz ehtiyacları üçün çox böyükdür. Layihənin əhəmiyyəti iki şərtdən asılıdır. Bunlardan birincisi qurulacaq limandan üçüncü ölkələrə yüklərin daşınmasına yönəldilməlidir. İkincisi, layihəyə dəstək verəcək region ölkələri ilə əməkdaşlıq etmək və layihənin dəyərini artırmaqdır.

Bu məqsədlə İraq Fao Limanı işlərinə başlayıb. Bu limanın ilk gəmini 2024-cü ilin sentyabrında qəbul edəcəyi və 2025-ci ildə tam olaraq açılacağı gözlənilir. Bu vəziyyət limandan qonşulara qədər strateji yol çəkməyə tələskənliyi ikiqat artırıb. Çünki belə bir yol yoxdursa, açılandan sonra liman yararsız hala düşə bilər.

İnkişaf Yolu/Quru Kanal Layihəsi

İraq Nəqliyyat Nazirliyi 2010-cu ilin aprelində Böyük Fao Limanından faydalanmaq üçün Faodan Suriya və Türkiyəyə dəmir yolunun tikintisi üçün investisiya təkliflərini qəbul etdiyini açıqlayıb. Həmçinin 2014-cü ilin martında İraq bu məqsədlə Dünya Bankı ilə müqavilə imzalayıb.

Digər tərəfdən, 2015-ci ildə Pakistanın Qvadar limanının Çin tərəfindən inkişaf etdirilməsi və icarəyə götürülməsi ilə İraqın geosiyasi əhəmiyyəti daha da artıb. Çünki Qvadara çatan Çin malları Süveyş kanalı vasitəsilə dəniz yolu ilə Avropaya çatmaq əvəzinə, çox daha ucuz qiymətə qısa müddətdə Avropaya çata biləcək.

Şimal-şərq-cənub-qərb istiqamətində uzun bir yol qət edərək Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunu, Pakistanı Qvadar və Kəraçi limanları vasitəsilə Ərəbistan dənizinə bağlamağı hədəfləyən “Çin-Pakistan İqtisadi Dəhlizi” (CPEC) layihəsi Kəmər və Yol Təşəbbüsünün mərkəzində yer alır.

Layihə çərçivəsində həyata keçirilən magistral yol layihələrinin, liman və azad zona tikintilərinin həcmi 2020-ci ilə kimi 70 milyard dolları ötüb. Layihələr Pakistanı Çin istehsalı olan məhsulları dünyaya çatdırmaq üçün əsas logistik bazaya çevirmək məqsədi daşıyır.

CPEC-in Çin üçün əhəmiyyəti onun Malakka boğazına alternativ daşıma marşrutları təklif etməsindədir. Bu da yolun qısalması səbəbindən xeyli qənaət etməyə imkan verir. Malakka boğazı əhəmiyyətlidir, çünki qlobal ticarətin 25 faizi bu boğazdan keçir. Həmçinin Çinin neft idxalının 85%-i bu boğazdan keçir. Buna görə də Qvadar limanı sözügedən su yolunu qısaldacaq layihənin bir hissəsi kimi mühüm əhəmiyyət kəsb edir.

Burada Qvadar limanının əhəmiyyəti və yuxarıda qeyd olunan Fao limanı birləşir.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan və Avropanın Rusiya ilə münasibətlərində yaranan problemlərdən sonra Qətər qazının nəql marşrutu, İraq qazının çıxarılması və Avropaya ixracı İnkişaf Yolu Layihəsinin əhəmiyyətini artırıb.

Layihənin uğur imkanları

İnkişaf Yolu Layihəsi yüksək sürətli qatar xətti ilə yanaşı, bu müddət ərzində İraq və Körfəz ölkələrinin avtomobil yolu, neft və qaz nəqli xətti kimi iqtisadi layihələri və xidmətləri də əhatə edəcək. Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu 1200 kilometr olaraq qeyd etdiyi layihəni yeni İpək Yolu kimi xarakterizə edir və Körfəz ölkələri ilə mühüm inkişafların yaşanacağına işarə edir:

“Biz əvvəllər onlarla dünyada tarazlığı dəyişəcək logistika dəhlizi ilə bağlı danışıqlar aparmışdıq. Hökumətlər səviyyəsində möhtərəm Prezidentimizin rəhbərliyi ilə yeni İpək Yolunun əsasları qoyulur. Xüsusilə Fars körfəzi və Bağdaddan ölkəmizin sərhədlərinə qədər uzanan 1200 kilometr uzunluğunda dəmir yolu, avtomobil yolu, bunun sonunda birləşdirici yer olan Fars körfəzindəki Fao limanı ilə, inşallah, önümüzdəki günlərdə Türkiyə, İraq və xüsusilə də buradan istifadə edəcək Körfəz ölkələri ilə bağlı çox mühüm inkişaflar olacaq”.

İran Araşdırmaları Mərkəzinin baş mütəxəssisi Müştak El-Hilo layihəni “Körfəz ölkələrinin geosiyasətini dəyişdirəcək” bir addım olaraq təyin edir. Digər tərəfdən, layihə hətta İraq silahlı qrupları üçün də onların dəstəyini cəlb edə biləcək faydalar və iqtisadi imkanlar yarada bilər. Bütün bu səbəblərə görə İraqın keçmiş nəqliyyat naziri Nasir Hüseyn Bəndər Şibli hesab edir ki, bu layihənin həyata keçirilməsi İraqa daha böyük təhlükəsizlik və sabitlik gətirəcək. Çünki layihədən faydalanan ölkələrin sözügedən layihənin təhlükəsizliyini təmin etmək üçün səy göstərəcəkləri düşünülür.

Bəsrədən başlayan bu marşrut İraqın mühüm şəhərlərindən keçdikdən sonra İraq, Türkiyə və Suriyanın təmas nöqtəsindən Türkiyəyə daxil olacaq və Mersin limanından Avropaya doğru davam edəcək. Təxminən 20 milyard dollar dəyərində olan layihənin plana uyğun olaraq 2029-cu ilə qədər başa çatdırılması gözlənilir. İraq belə bir məbləği təmin etmək iqtidarında deyil və ona görə də layihənin gedişatı ciddi şəkildə xarici investisiyalardan asılıdır.

Müştak El-Hilo Türkiyənin maliyyələşdirmədəki əhəmiyyətinə diqqət çəkir: “Türkiyə bu layihənin sponsorlarından biridir. Çünki 2018-ci ilin fevral ayında Küveytdə keçirilən “İraqın Yenidən İnşası Konfransı”nda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu əldə ediləcək iqtisadi faydalardan başqa 5 milyard dollar kredit vəd etmişdi. İraqın keçmiş baş naziri Mustafa Kazıminin 2020-ci ilin sonunda Ankaraya səfəri zamanı bu kreditin sözügedən yolun tikintisi üçün verildiyi bildirilirdi”.

Nəticə əvəzinə…

Türkiyə həm İraq, həm də Körfəz ölkələri ilə münasibətlərini sürətlə yaxşılaşdırır. Bu bərpa həm də bir çox yeni, böyük və çox cəlbedici imkanlar gətirir.

İnkişaf Yolu Layihəsi həm də region ölkələrinin iqtisadi birlik yaratması, bir-birinin mənafeyini güdməsi və düşmənçilik fəaliyyətlərindən qaçması üçün mühüm işarələr verir. Türkiyənin ən əhəmiyyətli ixracat tərəfdaşlarından biri olan İraqda yaşanacaq sabitlik dövrü həm ikitərəfli əlaqələrdə, həm də üçüncü ölkələr vasitəsilə həyata keçiriləcək işlərdə Türkiyəyə böyük töhfə verəcək. Digər tərəfdən, Orta Dəhlizin böyüməsi, genişlənməsi və alternativlər istehsal etməsi son dərəcə vacibdir.

Artıq Zəngəzur dəhlizinin də bu baxımdan mühüm töhfə verəcəyi gözlənilir. Ermənistan bu kommersiya imkanlarından yararlanmaq istəsə də, hələlik İranın müdaxiləsi ilə proses yavaşlayıb. Qeyd edək ki, Çindən Qvadar limanına, oradan Fao limanına və Türkiyə üzərindən Avropaya çatacaq dəhliz həm daha az xərclidir, həm də daha sürətlidir. İnkişaf Yolu Layihəsi iqtisadi faydaları ilə yanaşı, həm Türkiyə-İraq münasibətlərində, həm də Türkiyə-Körfəz münasibətlərində yeni səhifə açır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq   Orta-dəhliz   İnkişaf-Yolu-Layihəsi  


Bizi "telegram"da izləyin